z

AB qaydaları bütün telefonlar üçün USB-C adapterlərini məcburi edəcək

Avropa Komissiyası (AK) tərəfindən təklif edilən yeni qaydaya əsasən, istehsalçılar telefonlar və kiçik elektron cihazlar üçün universal şarj həlli yaratmağa məcbur olacaqlar.

Məqsəd, istehlakçıları yeni cihaz alarkən mövcud şarj cihazlarından təkrar istifadə etməyə təşviq etməklə tullantıları azaltmaqdır.
Təklifdə deyilir ki, AB-də satılan bütün smartfonlarda USB-C şarj cihazları olmalıdır.

Apple belə bir addımın innovasiyaya zərər verəcəyi barədə xəbərdarlıq edib.

Texnologiya nəhəngi, iPhone seriyasında Apple istehsalı olan "Lightning" konnektorundan istifadə etdiyi üçün xüsusi şarj portundan istifadə edən smartfonların əsas istehsalçısıdır.

Şirkət BBC-yə bildirib ki, "Biz narahatlığımızı davam etdiririk ki, yalnız bir növ konnektoru məcbur edən sərt qaydalar innovasiyanı təşviq etmək əvəzinə, onu boğur və bu da öz növbəsində Avropada və dünyada istehlakçılara zərər verəcək".

Əksər Android telefonları USB micro-B şarj portları ilə gəlir və ya artıq daha müasir USB-C standartına keçib.

iPad və MacBook-un yeni modelləri, eləcə də Samsung və Huawei kimi məşhur Android istehsalçılarının yüksək səviyyəli telefon modelləri USB-C şarj portlarından istifadə edir.

Dəyişikliklər cihaz gövdəsindəki şarj portuna tətbiq ediləcək, kabelin fişlə birləşdirən ucu isə USB-C və ya USB-A ola bilər.

Komissiyanın 2019-cu ildə apardığı təsir qiymətləndirmə tədqiqatı göstərir ki, 2018-ci ildə Avropa Birliyində mobil telefonlarla satılan şarj cihazlarının təxminən yarısında USB micro-B konnektoru, 29%-ində USB-C konnektoru və 21%-ində Lightning konnektoru var idi.

Təklif olunan qaydalar aşağıdakılara şamil ediləcək:

smartfonlar
tabletlər
kameralar
qulaqlıqlar
portativ dinamiklər
əl video oyun konsolları


Yayımlanma vaxtı: 26 oktyabr 2021